Ramazan bayramı münasibətilə Azərbaycan Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun təbriki:
"Hörmətli həmkarlar və tələbələr!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, elmi və pedaqoji fəaliyyətinizdə, təhsilinizdə, şəxsi həyatınızda uğurlar arzulayıram.
Ən ali bəşəri keyfiyyətləri tərənnüm etdirən İslam dininin insanın saflığa və kamilliyə çatmasına yönəlmiş ülvi məqsədləri müdrik xalqımız tərəfindən tarixən rəğbətlə qarşılanmış və dərindən əxz edilmişdir. Təsadüfi deyil ki, əsrlərboyu bu dəyərləri yaşadan və aşılayan Ramazan ayı cəmiyyətimizin həyatında xüsusi yer tutur. Başa çatmaqda olan bu müqəddəs ay insanlarda səbir, mənəvi saflıq və ucalıq, bir-birinə qarşı ehtiram və xoş rəftar, sülhsevərlik və yardımlaşma kimi yüksək keyfiyyətlərin tərbiyəsinə, daimi olaraq qorunub saxlanılmasına səsləyir.
Tarixin sınaqlarından keçmiş qədim ənənələrinə hörmət bəsləyən Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da mədəni-mənəvi və dini dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sahədə əzmlə yeritdiyi məqsədyönlü və həssas siyasət bu gün də ölkəmizdə bütün dinlərə və etiqad azadlığına böyük ehtiram və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilən siyasi kursun əsas ruhunu təşkil edir. Məhz buna görə də çoxkonfessiyalı Azərbaycan bu gün bütün dünyada tolerant məkan kimi tanınır. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun düşmən işğalından azad etdiyi doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında dağıdılmış bütün dini və tarixi abidələrimiz yenidən bərpa olunur, həm İslam, həm də xristian dini icmalarının həmin ərazilərdəki məscid və məbədlərdə dini ayinlərinin icrasına şərait yaradılır. Bu isə bütün xalqımızın nəcib amallar ətrafında bir yumruq kimi sıx birləşməsinə xidmət edir.
Aprelin 22-23-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı və orada Prezident İlham Əliyevin tarixi çıxışı bir daha Azərbaycan xalqının möhkəm birliyi və həmrəyliyinin, sülhsevərliyi və pak ideyalarının təcəssümü oldu.
Bu müqəddəs bayram ərəfəsində Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla anır, ruhlarına dua edir, qazilərimizə şəfa diləyirik.
Əziz həmkarlar və tələbələr!
Ramazan ayının təlqin etdiyi, xalqımızın həmişə yüksək qiymətləndirdiyi mənəvi təmizliyə, vicdanlı davranışa, doğru yola üstünlük verərək böyük kollektivimizin birgə səyi ilə 100 yaşlı universitetimizdə təhsilin keyfiyyətinin artırılması, pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, daimi saf işgüzar mühitin bərqərar olması naminə bütün imkanlardan istifadə edirik. İnanıram ki, fəaliyyətinin ikinci əsrinə qədəm qoymuş Pedaqoji Universitet gələcəkdə də yüksək mənəvi-əxlaqi dəyərlərə malik şəxsiyyət və peşəkar mütəxəssislərin yetişdirilməsi kimi prioritet vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz qüvvəsini əsirgəməyəcəkdir. Sizin hər birinizə mənəviyat carçısı olan Ramazanda uğurlar və firavanlıq arzulayıram! Bayramınız mübarək!"